Həyat hekayələri | Allah kimi bağışlasın?!

Həyat hekayələri | Allah kimi bağışlasın?!
  09 Sentyabr 2013    Oxunub:2221
Səfurə Çərkəzqızı

Səhər tezdəndir. Qapılardan birinin qıfılı açılır. Səliqəli, dəblə geyinən bir xanım mənzilindən çıxır. Əlində sellofan torba var. Qadın qapını bağlayıb “tak-tuk”la pilləkənləri düşür. Hər tərəfi xoş ətir bürüyür. O, bir mərtəbə enib əlindəki sellofan torbanı küncə tolazlayır. Zibil divara dəyib möhkəm səs çıxarır. Boş qatıq qabı pilləkənlərlə üzü aşağı- qadının arxasınca diyirlənir. Hündür dabanlı ayaqqabıların səsi qıtıq qabının dığıltısına qarışır...
...Bayırda süpürgəçi yaşmağının altında deyinə-deyinə küçəni süpürür:
- Vəhşidirlər! Əllərinə nə gəlir, atırlar yerə! Allahdan qorxmurlar..!
Hikkəsini süpürgəyə tökür, əlləri yeyinləşir. Zibilləri konalizasiya qapağının açıq qalan yerindən içəriyə -çalaya süpürür...

***

Süd satan qadın... Həmişəki kimi səhər o başdan kənddən gətirdiyi südləri yolun qırağındakı ağacın kölgəsinə yığıb. Gözlərində qayğı var. Başını qaldırıb göyə- qızmar günəşə, sonra hələ satılmayan süd dolu qablara baxır. Sifətindəki qırışların sayı bir az da artır. Ehmalca pıçıldayır:
- Gün qızdı, yenə çürüyəcək...zəhrimara qalmış..!
Əlini qoynuna salır, ordan çıxardığı kağızı ehmalca açır, ağ rəngli tozu-çay sodasını ovucuna tökür. Gözünün altıynan yan-yörəsinə oğrun-oğrun baxıb, ovucunu süd qablarına boşaldır.
- Salam!
Səsə diksinir. Süd qablarından biri əlindən düşüb dağılır...
- Gör eee, hayıf..! Salam ! Sənin südün burdadır, budu haa...saxlamışam.
- Xala, arxayın ola bilərəm də..? Bilirsiz, körpə uşağa verirəm...
- Bııyy, bu nə sözdü, xalan qurban, tər- təmiz süddü, axşam öz inəyimdən sağmışam! Göydə Allah var!

***

Axşam çağı... Qara rəngli maşın tini burulub ara küçəyə çıxır. Bayaqdan ayaq üstə durmaqdan yorulub, hündür asarın dibində yerə çökən qadınlar maşını görcək dimdik qalxırlar. Üst-başları torpaq içərisində maşına sarı yüyürürlər.
- Səni and verirəm Allaha..!
- Yalvarıram, mənə kömək eləyin! Qoymayın oğlumu tutsunlar!
- Evimi əlimdən alırlar!
Onun sufəti dəyişmir. Elə bil, nə eşidir, nə də görür...

...Maşın hündür hasarın gizlədiyi sirli, əlçatmaq evin darvazasından içəri girir. Donuq sifətli gəncin qolları qadınları geri itələyir. Darvaza örtülür...
...O, aldığı bahalı oyuncağı qutusundan çıxarıb qızına uzadır:
- Al! Tap görüm, bu dəfə sənə nə almışam?!
Balaca əllər maraqla oyuncağın üstündə gəzir...
- Kukla!
- Ağıllım!
Qız barmaqlarını böyük- az qala özü boyda olan gəlinciyin saçlarına toxundurur.
- Saçları necədir?!
- Sarıdır, sənin saçların kimi...
- Bəs paltarı nə rəngdədir?!
- Qırmızı...
O, qızının donuq gözlərinə, işığı axtaran barmaqlarına baxıb ah çəkir:
- Ay Allah..!


Teqlər:





Xəbər lenti